Visit Website

Poetry By Gunel Balakishi।Azərbaycanın tanınmış gənc şairi

      
Gunel Balakishi

Ən çoxum
Mən ən çox
bu qədər sevə bilərdim birini.
Necəki uşaqdan soruşarlar,
Göstər, görüm, nə qədər sevdiyini.
 
O da aça bildiyi qədər
Açar sərçə qollarını,
Xəyalında dənizləri,
Günəşi, Ayı, səmanı,
Tanıdığı, bildiyi
Bütün çoxlarını
Sığdırar qollarına.
 
Sən də elə...
Sən də mənim qollarımın arasında
Həmən çoxsan.
 
Mən, ən çox bu qədər
Sevə bilərdim birini.
Sən, mənim ən çoxumsan!
 
 
Bir qadın
 
Bir qadın vardı
Gözləri tavanda
Üzərində başqasını,
Ürəyində başqasını
Daşıyan.
 
Bir qadın vardı
Hələ uşaqlığından
Əynində özgənin,
Xəyalında atasının
aldığı donu
Daşıyan.
 
Bir qadın vardı
Bir ömür
Sadəcə üşüməməkçün
Başqa donlarda,
Başqa bədənlərdə
Ölə-ölə yaşayan,
Yaşaya-yaşaya ölən.
           Tənha 
Mən heç kimin ən sevdiyi deyiləm.
Anam idi bircə sevən,
O da yoxdur, o da gedib.
Sonuncu kəs lap...lap çoxdan
Anam məni əzizləyib
 
Mən heç kimin ən sevdiyi deyiləm.
Nə atamın balasıyam,
Nə balamın anasıyam,
Nə yarım var, naz çəkən,
Nə də məndən ayrı düşüb, həsrət çəkən
Sevgilimin ürəyinin yarasıyam.
 
Bəlkə, elə bircə bundan yarımışam,
Pərvazlanıb ruhum uçsa uzaqlara
Arxamca yananım yoxdur.
Nə anam varki, yandıram
Nə də yetim qalan balam.
Mən heç kimin ən sevdiyi deyiləm.
Sərsəri
 
Bu qədər sevməzki, adam adamı
Səndə nə görmüşəm, bilmirəmaxı.
Lap deyək, yaxşısan, yaxşı adamsan
Dünyada səndən də yaxşı varaxı.
 
Saatı soruşur,bayaq bir qadın
Deyirəm, səkkizdir, “o evdən çıxır”
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır.
 
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah,ah
İkinin yarısı nahar edəcək
Günümə-saatıma bax, Allah,Allah.
 
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır,
Mənim ömrüm, günüm, özüm,
Onunsa,
Yeməyi acısız olmamalıdır.
 
Bu qədər sevməzki adam adamı,
Yenə ətirinlə ətirlənmişəm,
Adın batsın, unutmuşam adımı,
Sən gedəli, yox olmuşam, itmişəm!
 
Qisas 
Mənə sənsizliyi öyrətdin, adam,
Gözümə görünmə, gözdən düşmüsən.
İlk günlər sənsizlik zülüm idi, zülüm,
İndisə sıradan, adi, birisən.
 
Çoxmu dəyər verdim? Dəyməzmi idin?
Mən səndə yanıldım, inandım, yandım,
Yəni, sən bu qədər dəyərsiz idin?
Səni sevdiyimə özüm utandım!
 
Gülüb yan keçəcəm, qarşıma çıxsan
Ayaq səslərindən tanırdım, hətta,
Xatırlayırsanmı?Sən indi yadsan!
İnsan yaşatdığın yaşar həyatda!
             Əlçatmaz
Səni ağladanları ağlada bilmərəm
Öldürə bilmərəm, döyə bilmərəm,
Mən heç qarışqaya qıya bilmirəm,
Baxma ürəyimin böyüklüyünə
Axı balacadır əllərim mənim
Divə gücüm çatmaz.
 
Amma öpərəm,
Acı göz yaşından elə ôpərəm
Çəkərəm qəmini, elə çəkərəm
Gözlərinin qarasına qurban olaram
Göz yaşın da gözəldir,
Gülüşünə çatmaz.
 
Ağardaram saçlarımı, ağardaram,
Ölərəm səninçün, elə ölərəm,
Səni yasa boğan, küsdürən mənəm?
Gedərəm ömründən, elə gedərəm..
Bir də əlin çatmaz!
 
Mən bir yolam
Mən bir yolam,
Bütün məndən keçənlərin
Yorğunluğun,
Ağırlığın,
Üzərimdə daşımışam.
 
Mən bir yolam,
Kimi kinin qusub keçib,
Kimi söküb boğazından
Dərdin-sərin,
Alıb əlinə kəndirin,
Gəlib məndən asıb keçib.
 
Mən bir yolam,
Sinəmdə dərin quyular.
Məni elə qazıblar ki,
Çətin ki, burdan duyalar.
 
Mən bir yolam,
37 ildir, varam
Amma, elə yorulmuşam
Elə bil ki,
Min ildir ki, yaşayıram!
            Uşaqlar
Qucağım o boyda olaydı kaş ki,
Bütün uşaqlar sığaydı ora.
 
Qoruyaydım uşaqları
Tufanlardan, boranlardan
Əllərimlə isidəydim,
Heç bir uşaq üşüməzdi ayaqyalın,
Heç bir uşaq itirməzdi müharibədə ayaqların.
 
Qucağım o boyda olaydı ki,
Qoruyaydım uşaqları yalanlardan,
Özüm yalan danışaydım.
 
Deyəydim ki, bu dünyada
Xeyir şərə qalib gəlir.
Gizləyəydim
gerçəklərdən,olanlardan.
 
Atıb gedən atalardan, analardan
Deyəydim ki, sənin atan qəhrəmandır.
Uyudardım qucağımda yetim qalan körpələri
Deyəydim ki, yum gözünü, anan sağdır.
 
Qucağım o boyda olaydı ki,
Bütün uşaqlar sığaydı ora.
Qoruyaydım uşaqları bu dünyadan.
ADAMLARDAN...
Tək tərəfli sevgi
Sən heç tək tərəfli sevdinmi birini?
Canını istəsə verməyə hazır olduğun
Yarıcan etdimi səni heç?
 
Adam həsrətdən darıxar
Heç ürəyin darıxdımı
Bu dünyada o var, deyə...
 
Sevgidən söhbət düşəndə,
'sevgi yoxdur,
mən sevgiyə inanmıram deyə-deyə
Öz içində yalanını söyə-söyə,
Yerli-yersiz girdinmi heç mübahisəyə?
 
Ürəyinlə savaşına yenik düşüb
Savaşdınmı sevənlərlə
Sırf o səni sevmir deyə
 
Ən gözəl libasını geyinib,
Ən bahalı ətrini vurub
Daradınmı yolunmalı saçlarını?
 
Bayrama gedirmiş kimi
Getdinmi görüşünə?
Yenə də, yenə də gözəl olmayıb
Üsyan etdinmi Yaradana?
Sən hamıdan gözəlsən, deyən, anana?
 
Ona nifrət etməyi bacarmayıb
Özünə nifrət etdinmi?
Aynalara düşmən kəsildinmi heç?
Sən, heç tək tərəfli sevdinmi birini?
 
Anamdan sonra
Anamdan sonra,
Çantasını açdım
İçindən bir kağız parçası tapdım.
 
Alacaqları varmış,
Baxdım ki,siyahı yazmış…
1. Corab
2.Ayaqqabı
Balama dəri
Õzümə adi…
 
Səndən sonra
aldım,anam,
Corab da, dəri ayaqqabı da
Amma həmişə üşüdü ayaqlarım
İyulda da, avqustda da.
 
Həyatımı soruşsan,
Səndən sonra
mənim həyatım
Sənin ayaqqabın kimidir,
Her şey adi!

Post a Comment

Visit Website
Visit Website